MİLLİ FRANŞAYZİNQ DƏSTƏK PROQRAMININ TƏQDİMATI KEÇİRİLDİ

Milli brendlərin franşayzinq modeli ilə yerli və qlobal bazarlarda möhkəmlənməsi üçün yeni imkanlar təqdim olundu.

Azərbaycanın milli brendlərinin franşayzinq modeli vasitəsilə yerli və beynəlxalq bazarlara çıxışını dəstəkləmək məqsədi ilə hazırlanan Milli Franşayzinq Dəstək Proqramının (MFDP) təqdimat mərasimi baş tutdu. Tədbirdə, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Azərbaycan Franşayzinq Mərkəzi (AFM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalandı.

AZPROMO və AFM-in birgə təşkilatçılığı ilə keçirilən tədbir, müxtəlif sahələrdə fəaliyyət göstərən 23 şirkəti – iaşə obyektləri, mağaza şəbəkələri, kənd təsərrüfatı, tekstil, səyahət və digər biznes nümayəndələrini bir araya gətirdi.

Tədbiri açan AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, agentliyin ixracın təşviqi istiqamətindəki fəaliyyətini və xüsusilə yeni logistika subsidiyalaşması mexanizminin təsdiqlənməsinin önəmini vurğuladı. O, françayzinq biznes modelinin Azərbaycanda genişlənməsinin qeyri-neft sektorunun ixracına ciddi töhfə verəcəyini bildirdi. AZPROMO, MFDP-nin Azərbaycanın milli iqtisadi maraqlarına xidmət etdiyini və bu təşəbbüsü tam dəstəkləyəcəyini bəyan etdi.

AFM-nin direktoru və MFDP-nin koordinatoru Elnur İslamov, proqramın milli brendlərin beynəlxalq bazarlarda uğurla təmsil olunması üçün yeni və perspektivli yollar açdığını qeyd etdi. O bildirdi ki, milli brendlər yalnız iqtisadi baxımdan deyil, eyni zamanda Azərbaycanın zəngin mədəni və tarixi dəyərlərini dünyaya tanıtmaq baxımından da böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edən “Topfranchise” şirkətinin həmtəsisçisi Vasil Qazizulin, qlobal bazarlara daxil olmaq prosesləri və MFDP çərçivəsində təqdim olunan imkanlar barədə məlumat verdi. Tədbir iştirakçıları təmsil etdikləri brendlər barədə təqdimatlar etdi və onlarla bağlı suallara cavab verdi. Eyni zamanda, proqramın ölkəmizin işgüzar mühiti üçün yaratdığı yeni perspektivlər müzakirə edildi.

Tədbirin sonunda, AZPROMO və AFM arasında imzalanmış Anlaşma Memorandumu, Azərbaycanda istehsal olunan mal və xidmətlərin ixracını təşviq etmək, həmçinin bu istiqamətdə fəaliyyəti əlaqələndirmək məqsədi daşıyır.

Leave a Reply

Your email address will not be published.Required fields are marked *